MƏDƏNİYYƏT


M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Bakı, 19 iyun, AZƏRTAC

Tanınmış jurnalist və istedadlı tədqiqatçı-filoloq Müşfiq Borçalının “M.P.Vaqif və Gürcüstan” kitabının yenidən işlənmiş və əlavələr olunmuş ikinci nəşri bu günlərdə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri isə professorlar Bədirxan Əhmədov və Şurəddin Məmmədlidir.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 12 yanvar tarixli “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə açılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru Aysəba Əlizadənin “Ulu Borçalının Ulu Oğlu!” sərlövhəli məqaləsi kitabda “Ön söz əvəzi” verilib.

Kitabın “Bu dostluğun yaşı çox!...” adlanan birinci bölməsində Azərbaycan-gürcü ədəbi əlaqələrinin qədim zamanlardan bu günümüzə qədər olan tarixi inkişaf prosesi araşdırılıb.

İkinci bölmədə ölməz şairin Gürcüstanla, xüsusilə də Tiflis şəhəri ilə bağlı yazdığı şeirləri, həmin şeirlərin gürcü əlifbası ilə yazılmış və indi də Gürcüstan arxivlərində qorunub saxlanan nüsxələri tədqiqata cəlb olunub, həmin nüsxələrlə şairin mövcud kitablarında dərc olunmuş şeirləri arasında oxşar və fərqli məqamlar diqqətə çatdırılıb. Eləcə də gürcü şairlərinin M.P.Vaqifə həsr etdikləri şeirlər, həmçinin gürcü alimlərinin M.P.Vaqifə verdikləri yüksək dəyərlər və s. haqqında oxuculara ətraflı məlumat verilib.

Kitabın üçüncü bölməsində isə Gürcüstanda yaşayıb-yaradan soydaşlarımızın yaradıcılığında bədii tərcümə məsələləri və Azərbaycan-gürcü ədəbi əlaqələri (1950-2015) ilk dəfə olaraq elmi tədqiqata cəlb olunub.

Kitabın sonunda istifadə olunan geniş ədəbiyyat siyahısı verilib.

Bir sözlə, Müşfiq Borçalının “M.P.Vaqif və Gürcüstan” kitabı böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə olmaqla yanaşı, həm də şairin ədəbi irsini, həyat və yaradıcılığını, eləcə də Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişaf tarixini araşdıran tədqiqatçılar, gənc alimlər, doktorantlar, orta məktəblərin ədəbiyyat müəllimləri və ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün qiymətli hədiyyədir.

Qeyd edək ki, kitab yaxın günlərdə həm də Tbilisidə nəşr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.