SİYASƏT


MQF-nin bəyanatı: Beynəlxalq ictimaiyyət işğalçı Ermənistan ordusunun qanlı cinayətlərinə göz yummamalıdır

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması, mülki şəxslərin, o cümlədən 2 yaşlı uşağın öldürülməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistanın hərbi birləşmələrinin uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurduğu və insanlığa qarşı hərbi cinayətləri davam etdirdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır. BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsinin yerinə yetirilməməsi, eləcə də münaqişənin nizamlanması üzrə sülh danışıqlarını bilavasitə təşkil edən ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yaradır.

“Azərbaycanlı mülki əhaliyə qarşı törədilən bu ağır cinayətlər Azərbaycan hökumətini və Azərbaycan Ordusunu müvafiq qaydada adekvat hərəkətlər etməyə vadar edir ki, bu da bütövlükdə regionda yeni müharibənin alovlanmasına səbəb ola bilər. Biz - Azərbaycanın qeyri-hökumət təşkilatlarının rəhbərləri münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcili şəkildə təcavüzkarın yerinə oturdulması ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.