SİYASƏT


MSK-da dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib

A+ A

Bakı, 18 avqust, C.Rüstəmov, B.Vəliyev, AZƏRTAC

Avqustun 18-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə bağlı təşkil olunub.

Müşavirədə MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev və Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevlə yanaşı, MSK üzvləri, MSK Katibliyinin rəhbərliyi və əməkdaşları, habelə ölkə üzrə seçki dairələri dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası mütəmadi olaraq aşağı seçki komissiyaları üçün maarifləndirmə tədbirləri keçirir və bugünkü görüş də bu baxımdan önəmlidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində mühüm rol oynayır. Ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində bərqərar olunmuş dayanıqlı ictimai-siyasi sabitlik seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə hərtərəfli şərait yaradır. Azərbaycanda seçki praktikası ildən-ilə daha da təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi hüquqi baza formalaşdırılır.

M.Pənahov, həmçinin azad və ədalətli seçkilərin keçirilməsində dövlətimizin başçısının ciddi mövqe, konkret siyasi iradə nümayiş etdirdiyindən, seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının gücləndirilməsinə göstərilən xüsusi diqqət və qayğıdan da danışıb. Seçkilərin yüksək səviyyədə təşkili və keçirilməsi üçün seçki komissiyalarına yaradılmış hərtərəfli şəraitə görə Prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyası adından bir daha minnətdarlığını bildirib.

Daha sonra MSK sədri 2016-cı il sentyabrın 26-na təyin edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) barədə məlumat verib. Azərbaycanda bütün sahələrdə inkişafın olduğunu vurğulayan M.Pənahov deyib: “Dairə, məntəqə seçki komissiyaları üçün ayrıca binalar inşa edilib, lazımi şərait yaradılıb. Bütün bunlar ölkədə gedən ümumi inkişafın göstəricisidir”.

M.Pənahov daha sonra referendumun keçirilməsi ilə bağlı görülmüş işləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb və tövsiyələrini verib.

Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev “Referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, ənənəvi hal alan maarifləndirici görüşlər yerlərdə seçki komissiyalarının işinin düzgün qurulmasında, peşəkar kadrların yetişməsində mühüm rol oynayır. “Seçki prosesinin keçirilməsi səviyyəsi 10-15 il bundan əvvəlki dövrə nisbətən müqayisəyəgəlməz dərəcədə yüksəlib. Artıq heç kim Azərbaycanda keçirilən seçkilərə, ümumxalq səsverməsinə, onun təşkilinə və seçicilərin burada iştirakına irad tuta bilmir. Bu, MSK-nın, ümumiyyətlə, ölkədə seçkinin təşkili ilə məşğul olan hər bir insanın, vəzifəli şəxsin öz işinə məsuliyyətlə yanaşmasının, o cümlədən seçicilərimizin maarifləndirilməsinin, seçki mədəniyyətinin yüksəldilməsinin nəticəsidir. Əminəm ki, qarşıdakı referendumu da yüksək səviyyədə keçirə biləcəyik”, – deyə şöbə müdiri vurğulayıb.

Z.Nağdəliyev qeyd edib ki, Azərbaycanda daim təkmilləşən və dünya təcrübəsini özündə əks etdirən seçki qanunvericiliyi formalaşıb. Elə etmək lazımdır ki, seçki qanununun hər müddəası qətiyyətlə qorunsun, seçki məntəqələrində heç bir xoşagəlməz hala yol verilməsin.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev özünün konstitusion hüququndan istifadə edərək Konstitusiyada dəyişikliklər edilməsi üçün təkliflərini verib və bu təkliflər artıq çap edilib və seçicilərimiz həmin təkliflərlə tanış olmağa başlayıblar. Bu məlumatların yerlərdə hər bir seçiciyə çatdırılması təmin edilməlidir.

Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Seçkinin Azərbaycanda müvəffəqiyyətlə keçirilməsinin ən vacib şərti ondan ibarətdir ki, ölkədə sabitlik mövcuddur, Prezident İlham Əliyev yüksək nüfuza malikdir, seçicilər arasında ruh yüksəkliyi hökm sürür. Bu, hər birimizə imkan verir ki, seçkilərdə yüksək ab-hava təmin edilsin. Dövlətimizin başçısı tapşırıb ki, seçkilər qanunun hər bir müddəasına ciddi riayət edilməklə keçirilməlidir. Seçkilərin keçirilməsi üçün vacib olan şərtlərdən biri seçki komissiyalarının şəraitinin yaxşılaşdırılmasıdır. Bu yaxınlarda MSK ilə birlikdə monitorinq keçirilib və nəzərəçarpan bütün nöqsanların aradan qaldırılması üçün fəaliyyətə başlanılıb”.

Bildirilib ki, seçici siyahıları tam dəqiqləşdirilməli, yerli icra hakimiyyəti orqanları bu istiqamətdə dairə seçki komissiyaları ilə birgə işləməlidirlər. Sentyabrın 3-dən başlanacaq təşviqat kampaniyası üçün 128 açıq və qapalı yer müəyyənləşdirilib və onların siyahısı mətbuatda dərc olunacaq. Hazırda təşviqatın aparılması ilə bağlı lövhələrin də yerləri müəyyənləşdirilib.

Z.Nağdəliyev seçkilərin yüksək demokratik prinsiplər əsasında keçirilməsində veb-kameraların quraşdırılmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edib ki, 2008-ci ildə seçki məntəqələrində 500 kamera quraşdırılmışdısa, bu gün 1000 kamera qoyulub. Bu da seçki məntəqələrinin 20 faizini əhatə edir.

Referendumun digər seçkilərdən fərqli olduğunu deyən Z.Nağdəliyev vurğulayıb ki, səsverməyə çıxarılan məsələlər Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının konstitusion təminatının gücləndirilməsinə xidmət edir. Hamı bilir ki, bu təkliflər Azərbaycanda daha çevik idarəetməni təmin etmək üçün irəli sürülüb. Bunda məqsəd idarəetmədə insanların iştirakının genişləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha ciddi təmin olunmasıdır.

Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov “Referendumda iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda çıxış edib. Dünya təcrübəsindən misal gətirən Z.Əsgərov deyib: “Konstitusiyaya dəyişiklik adətən bir neçə zərurətdən irəli gəlir. Bu dəyişiklik dövlət idarəetmə orqanlarının təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması məqsədi ilə edilir. Azərbaycanın referendum keçirilməsi ilə bağlı təcrübəsi var. Ölkəmizdə keçirilən referendumların hamısı istər konstitusiya hüququ, istərsə də konstitusiya inzibati hüququ baxımından tələblərə tam cavab verən formada həyata keçirilib. Biz hüquqi dövlət qururuq. Amma hüquqi dövlət qurmaq müəyyən mərhələlərdən keçir. Ulu öndər Heydər Əliyev deyirdi ki, demokratiyanın əvvəli var, sonu yoxdur. Referendumun keçirilməsinin məqsədlərindən biri odur ki, biz hüquqi dövlətin ən yüksək səviyyəsinə çataq. Bunun üçün belə dəyişikliklərin olması vacibdir. Çünki Azərbaycanda son illər inkişaf çox yüksək sürətlə gedir və ictimai münasibətlərin dinamikası bu dəyişikliklərin həyata keçirilməsi zərurətini yaradır. Hər bir referendum aktı cəmiyyətin inkişafının göstəricisidir, onun siyasi, iqtisadi barometridir”.

Daha sonra ədliyyə nazirinin müavini Azər Cəfərovun “Referendum prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri”, Baş prokurorun birinci müavini Rüstəm Usubovun “Referendumda iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu”, daxili işlər nazirinin müavini Oruc Zalovun “Referendum prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri”, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin “Referendumda iştirak hüquqlarının məhkəmə müdafiəsi, seçki və referendum prosesində şikayətlər və onlara baxılması təcrübəsi”, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin “Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişiklik edilməsinə dair tələblər” mövzularında məruzələri dinlənilib. Qeyd olunub ki, səsvermə zamanı ictimai asayiş qətiyyətlə qorunacaq, referendum ərəfəsində icazəsiz kütləvi aksiyaların keçirilməsinə yol verilməyəcək, vətəndaşların seçki hüquqlarının qorunması tam təmin ediləcək.

Seminar-müşavirə qarşıdakı referendumla əlaqədar aşağı seçki komissiyalarının üzərinə düşən əsas vəzifələr, Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni funksional imkanları və onlardan istifadə qaydaları, dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarında kargüzarlığın təşkili mövzularında MSK Katibliyinin müdiri Rövzət Qasımovun, Katibliyin İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun və ümumi şöbəsinin müdiri Elşən Əsgərovun çıxışları ilə işini davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.