İQTİSADİYYAT


“MST Engineering Services” Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti olub

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Sumqayıt Kimya Sənaye Parkının yeni rezidentinin təqdimatı olub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni rezidentin - “MST Engineering Services” MMC-nin təqdimatı Sumqayıt Kimya Sənaye Parkında icra edilən layihələrə həsr olunmuş tədbirdə keçirilib.

Tədbirdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, eləcə də metallurgiya, kimya, gəmiqayırma, tikinti, bərk məişət tullantılarının idarə edilməsi və s. sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, qeyri-neft sektorunun inkişafında sənaye parkları və məhəllələrinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın gücləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdəndir. Sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir. Mingəçevirdə Sənaye Parkının təşkili istiqamətində işlər aparılır. Neftçala Sənaye Məhəlləsinin tikintisi isə başa çatmaq üzrədir və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, regionların sənaye potensialından istifadənin genişləndirilməsi məqsədilə digər rayonlarda sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur.

Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılan və Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının hazırda 7 rezidenti var. Parkda rezidentlərin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Sənaye parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlar davam etdirilir və yaxın zamanlarda daha bir neçə şirkətə rezident statusunun verilməsi nəzərdə tutulur. Belə ki, artıq əczaçılıq məhsullarının, kimyəvi maddələrin istehsalı sahələri üzrə fəaliyyət göstərən şirkətlər Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildiriblər.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxışında elmi ideyaların sənayeyə tətbiqinin və elmi-tədqiqat institutları ilə istehsal müəssisələri arasında əməkdaşlığın genişlənməsinin əhəmiyyətindən danışıb.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-də 7-ci rezident statusunu alan “MST Engineering Services” MMC-nin nümayəndəsi Fərid Babayev bildirib ki, “MST Engineering Services” MMC sənaye parkının ərazisində ABŞ-ın “Parker Hannifin” şirkəti ilə birgə müxtəlif növ və çeşiddə yüksək təzyiqə davamlı xortum və fitinqlərin yığılması və istehsalını həyata keçirəcək. İstehsal olunan avadanlıqlar kimya, maşınqayırma, metallurgiya, neft-qaz, tikinti və qida sənayesində istifadə olunacaq. 2016-cı ilin sonlarında inşası başa çatdırılacaq və müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda ildə 30 min ədəd xortum və fitinq istehsal ediləcək, 40 nəfər işlə təmin olunacaq. Zavodda istehsal ediləcək məhsullar daxili tələbatı ödəməklə yanaşı, MDB ölkələrinə ixrac olunacaq.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır.

Dünyada aparıcı şirkətlərdən olan xortum və fitinq birləşmələrinin istehsalı üzrə ixtisaslaşmış ABŞ-ın “Parker” şirkətinin Azərbaycan üzrə satış meneceri Murad Cəfərov təmsil etdiyi şirkətin “MST Engineering Services” MMC ilə Azərbaycanda birgə reallaşdıracağı layihə, istehsal olunacaq məhsullar barədə təqdimatla çıxış edib.

Sonra Sumqayıt Kimya Sənaye Parkı haqqında 3D formatlı video çarx nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.