İQTİSADİYYAT
MÜALİCƏ OLUNAN NEFTÇİLƏRƏ QAYĞI GÖSTƏRİLMİŞDİR
Neftçilər günü ərəfəsində “Azneft” İstehsalat Birliyinin nümayəndələri Mərkəzi Neftçilər Xəstəxanasında olmuş, burada müalicə alan neftçilərin səhhəti ilə maraqlanmış, onları ənənəvi peşə bayramı münasibətilə təbrik etmiş, maddi yardım göstərmiş, 100-dən çox neftçiyə bayram sovqatı çatdırmışlar.
Birlikdən AZƏRTAC-ın müxbirinə demişlər ki, neftçilər bu bayramı təsis etdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, qarşıdakı prezident seçkilərində Azərbaycanın dinamik inkişafını təmin edən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daim artıran, davamlı daxili sabitlik yaradan, respublikamızın iqtisadi və müdafiə qüdrətini yüksəldən namizədə səs verəcəklərini bildirmişlər.
Müalicədə olan neftçilər onlara göstərilən diqqət və qayğıya görə birliyin rəhbərliyinə və həmkarlar ittifaqı təşkilatına təşəkkürlərini bildirmişlər.