CƏMİYYƏT


MÜSİAD-ın Bakı nümayəndəliyi: 15 iyul Türkiyədə demokratiyanın qalib gəldiyi milli iradə günüdür

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinə Azərbaycandan daha bir etiraz Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Bakı nümayəndəliyindən gəldi.

MUSİAD-ın Bakı təmsilçiliyinin rəhbəri Əbdürrəhman Uzunun imzası ilə yayılan bəyanatda deyilir ki, Türkiyə 15 iyul gecəsində əvvəlcə qaranlığı, ortaya qoyulan böyük iradə və inam ilə sonra da aydınlığı yaşadı.

Bəyanatda bildirilir ki, əmrlərini xalqın iradəsindən deyil, xain şəbəkələrdən alan xunta üzvlərinin çevriliş cəhdi olaraq başlayan, parlamentin binasını bombalamaq və günahsız vətəndaşlara atəş açmaq kimi qorxunc terrorçu hücumlara çevrilən hərəkətləri dövlətin və xalqın qəhrəman müqaviməti və uğurlu əməliyyatları ilə başa çatdı.

Milli iradəyə zidd olan bir çox təşəbbüsə məruz qalan və müqavimət göstərən mülki cəmiyyət olan MÜSİAD bu gün də cəsur Türk xalqının, seçilmiş qanuni hökumətin və baş komandanın yanındadır.

Bəyanatda diqqətə çatdırılır ki, iyulun 15-i demokratiyanın qalib gəldiyi gündür. Bu gün sadəcə Türkiyənin deyil, bütün dünyanın tarixinə keçəcək milli iradə günüdür.

Demokratiyanın dərinləşməsi və iqtisadiyyatın güclənməsinin mülki idarəetmə ilə mümkün olduğunu hesab edən MÜSİAD bildirir ki, demokratiya xaricindəki qüvvələrin müdaxilələri ən başda iqtisadiyyata zərər verəcək. Seçilmiş hökuməti yıxmaq istəyən cəhdlər demokratiyaya və iqtisadiyyata böyük zərbə vuracaq: “Demokratiya əleyhinə istənilən təşəbbüsün qarşısında əzmlə dayanmışıq. Çevriliş etmək istəyən şəxsləri lənətləyir, hökumətimizi dəstəkləyir, xalqımızın iradəsindən başqa bir iradə tanımırıq.

Güclü xalq iradəsi istənilən çətinliyi dəf edə biləcəyimizi, ölkəmizin beynəlxalq aləmdə siyasi və iqtisadi gücünün daha da artacağını nümayiş etdirib. Biz də iş dünyası olaraq istehsal etməyə və demokratiyanı qorumağa davam edəcəyik. Vətənin müdafiəsi bütün fikir ayrılıqlarından, bütün ziddiyyətlərdən üstündür. Bütün varlığımızla Vətənimizin təminatı olacağıq. Biz xainlərə öz cavabımızı 15 iyul gecəsi qanı bahasına Vətənimizi qoruyan şəhidlərimizlə, bomba və güllələrə sinəsini sipər edən qazilərimizlə, öz xalqına atəş açmaqdan imtina edərək ləyaqətini itirmək əvəzinə həyatını qurban verməyi seçən vətənpərvər əsgərlərimizlə, xalqını qorumaq naminə gözünü belə qırpmadan mübarizə aparan polisimizlə verdik. Milli iradəni qoruyarkən şəhid olan vətəndaşlarımıza və təhlükəsizliyimizi qoruyan zabitlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.

Fətullah Gülənin lideri olduğu terrorçu təşkilatın üzvü olan xainlər çevriliş cəhdinin uğursuzluğu qarşısında xalqı bir-birinə qarşı qoymaq planlarını tətbiq etməyə başladılar. Lakin onların bu cəhdi də uğursuzluğa məhkumdur”.

Bəyanatda Türkiyənin iqtisadi cəhətdən güclü olduğu və öz yoluna inamla davam etdiyi vurğulanır.

MÜSİAD hər zaman olduğu kimi, 15 iyul dövlət çevrilişi cəhdi zamanı da Türkiyənin yanında olan, dəstəyini ən səmimi şəkildə göstərən Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına dərin minnətdarlıq ifadə edir.

Qeyd edək ki, 1990-cı ildə İstanbulda təsis edilən MÜSİAD hazırda dünyada 11 mindən artıq üzvü ilə 46 minə yaxın müəssisəni təmsil edir və təxminən 1 milyon 600 min insanın işə olan ehtiyacını təmin etməkdədir. Təşkilat Türkiyədə 86, dünyanın 65 ölkəsində 168 filialı ilə xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.