DÜNYA
MÜTƏXƏSSİSLƏRİMİZ ABŞ-DA TƏLİM KEÇƏCƏKLƏR
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev ABŞ-ın Bakıdakı səfirinin müavini xanım İsman Makldauni ilə görüşmüşdür. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüş zamanı turizm sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir. Əbülfəz Qarayev Azərbaycanda turizmin inkişaf strategiyasından, bununla əlaqədar ölkəmizin təbii sərvətlərinin təbliği ilə bağlı görülən tədbirlərdən - ixtisaslaşdırılmış jurnalın nəşrindən, internet saytının açılmasından danışmışdır. Kadr hazırlığı, turizm şirkətlərinə lisenziyalar verilməsi qaydaları, xarici sərmayəçilər üçün imkanlar və hüquqi baza yaradılması sahəsində Türkiyə, Rusiya, Avstriya və Fransanın turizm şirkətləri ilə əldə edilmiş razılaşmalar barədə də məlumat verilmişdir.
Xanım Makldauni bildirmişdir ki, ABŞ-ın reklam şirkətlərinin və servis sahəsində ixtisaslaşmış firmaların nümayəndələri əməkdaşlığın yollarını öyrənmək üçün yaxın vaxtlarda Azərbaycana gələcəklər. O demişdir ki, Azərbaycanın turizm firmalarının əməkdaşlarına ABŞ-da ixtisaslarını artırmaq imkanı yaradılacaqdır.