CƏMİYYƏT


M.V.Lomonosov adına MDU-nun Bakı filialında “Açıq qapı” günü

A+ A

Bakı, 27 noyabr, AZƏRTAC

M.V.Lomonosov adına MDU-nun Bakı filialında “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü bu ali təhsil ocağında artıq xoş ənənəyə çevrilib.

AZƏRTAC xəbər verir ki, hər il universitetdə “Açıq qapı” gününün keçirilməsi abituriyentləri və valideynləri buradakı tədris prosesi, filiala qəbul qaydaları ilə tanış etmək, onları filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisad və fizika fakültələrində bakalavrların hazırlanması barədə ətraflı məlumatlandırmaq məqsədi daşıyır.

Bu dəfə “Açıq qapı” gününə qatılmaq istəyən abituriyentlərin sayı o qədər çox olub ki, arzu edənlərin hamısı zala sığışmayıb. Universitetin foyesində abituriyentləri maraqlandıran informasiya, ədəbiyyat, təhsil sisteminə və qəbul qaydalarına həsr olunmuş kitabçalardan ibarət stendlər təqdim edilib.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının elmi iş üzrə prorektoru Azad Tağızadə abituriyentləri və onların valideynlərini salamlayaraq vurğulayıb ki, Moskva Dövlət Universiteti 100 ən yaxşı universitet sırasına daxildir. Bakı filialının məzunlarına universitetin bütün dünyada tanınan diplomu təqdim edilir.

Filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi çıxışında bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Bu il səkkiz yaşı tamam olan filial tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıb. Sonra universitetin təhsil sahəsinin genişləndirilməsi ilə əlaqədar burada psixologiya, iqtisad və fizika fakültələri açılıb.

Y.Sadovniçi universitetdə baş verən yeniliklər barədə danışaraq deyib: “M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə 2012-ci ildə Xocasən qəsəbəsində çox gözəl kampus inşa edilib. Tələbələrin dərin biliklərə yiyələnməsi, istirahəti və yaşaması üçün burada hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, tələbələr geniş auditoriyalarda dərs keçirlər, burada yataqxanalar, idman meydançaları, hovuz fəaliyyət göstərir. Filialda tədris əvvəlcə dörd il ərzində bakalavriat proqramı üzrə aparılır, sonra arzu edənlər təhsillərini iki il müddətinə magistraturada davam etdirə bilərlər. Hazırda filialda altı fakültə - filologiya (“Rus dili və ədəbiyyatı” bölməsi və “Roman-german filologiyası” bölməsi – ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı), kimya, tətbiqi riyaziyyat, psixologiya, fizika, habelə iqtisad və menecment bölmələrindən ibarət iqtisad fakültələri fəaliyyət göstərir. MDU-nun diplomu bütün dünyada tanındığına görə universitetimizin məzunlarının işə düzəlmək, təhsillərini xarici ölkələrin nüfuzlu ali məktəblərində davam etdirmək üçün yaxşı imkanları var”.

Y.Sadovniçi qəbul imtahanlarında hamıya uğurlar arzu edərək deyib: “Əvvələn, qəbul imtahanları avqustun əvvəlində deyil, iyulun 15-dək keçiriləcək. Həmin vaxta qədər bütün imtahanları başa çatdırmaq planlaşdırılır. İkincisi, imtahanların ardıcıllığıdır. Birinci əsas fəndən imtahan veriləcək, sonda ifadə yazılacaq, hansı fakültədə üç imtahan nəzərdə tutulubsa, onların arasında müvafiq üçüncü imtahan olacaq. Tətbiqi riyaziyyat fakültəsində əsas imtahan riyaziyyatdan, fizika fakültəsində fizikadan, kimya fakültəsində kimyadan, psixologiya fakültəsində biologiyadan, iqtisad fakültəsində riyaziyyatdan olacaq, filologiya fakültəsində rus, yaxud xarici dillərdə inşa yazılacaq. Bizim universitetə daxil olmağı qərara almaqla düzgün seçim etmisiniz”.

Qəbul komissiyasının məsul katibi, riyazi analiz kafedrasının müəllimi Aleksey Popov qəbul qaydaları haqqında ətraflı məlumat verərək, hansı sənədlərin lazım olduğunu bildirib. O deyib ki, filialda qəbul imtahanları və tədris rus dilində aparılır. Azərbaycan vətəndaşları filialda büdcə əsasında (pulsuz) təhsil alırlar. Təhsil forması əyanidir. Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə aparılır, innovativ texnologiya və metodlardan istifadə edilir. 2012-ci ildən filialda magistratura bölməsi fəaliyyət göstərir. Magistraturaya qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya, iqtisadiyyat (beynəlxalq biznes) istiqamətləri üzrə aparılır. Qəbul imtahanlarına hazırlaşmaq üçün hazırlıq kursları da fəaliyyət göstərir.

Universitetin fəaliyyəti barədə “www.msu.az” saytından məlumat almaq olar. Bütün suallar üçün “[email protected]” saytına müraciət etmək mümkündür.

M.V.Lomonosov adına MDU-nun aparıcı müəllimləri – fizika-riyaziyyat elmləri doktoru, ümumi topologiya və həndəsə fakültəsinin professoru, tətbiqi riyaziyyat fakültəsinin elm-təhsil işinin əlaqələndirilməsinə məsul Anatoli Kombarov, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin elm-təhsil işinin əlaqələndirilməsinə məsul professor Mixail Qolubkov, kimya elmləri doktoru, üzvi kimya kafedrasının professoru, kimya fakültəsinin elm-təhsil işinin əlaqələndirilməsinə məsul Sergey Karlov, ümumi psixologiya kafedrasının böyük müəllimi, psixologiya fakültəsinin elm-təhsil işinin əlaqələndirilməsinə məsul Leonid Babanin, iqtisad elmləri namizədi, dünya iqtisadiyyatı kafedrasının elmi əməkdaşı, iqtisad fakültəsinin elm-təhsil işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov gələcək abituriyentlərə fakültələrin fəaliyyətindən, müvafiq ali təhsil almağın xüsusiyyətlərindən danışıblar. Onlar abituriyentlərin çoxsaylı suallarına da cavab veriblər.

Tədbirin rəsmi hissəsindən sonra abituriyentlər və valideynlər tələbə kampusuna baş çəkiblər. Onlar üçün ekskursiya təşkil olunub və fakültələrin təqdimatı keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.