DÜNYA
“MWC 2017” sərgisi çərçivəsində “Nokia 8” smartfonunun təqdimatı gözlənilir
Bakı, 7 fevral, AZƏRTAC
Finlandiyanın “Nokia” transmilli şirkəti Barselonada keçiriləcək “Mobile World Congress 2017” sərgisi çərçivəsində yeni "Nokia 8" smartfonunu nümayiş etdirməyə hazırlaşır.
AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, “Nokia” ən etibarlı mobil telefonlar istehsalçısı kimi məşhurdur və şirkət məhsullarının həvəskarları yeni qurğunun buraxılışını səbirsizliklə gözləyirlər. Bununla belə, istehsalçı yeni smartfonun bütün texniki xüsusiyyətlərini rəsmi təqdimatadək sirr saxlayır.
Öz növbəsində ekspertlər “Nokia 8” haqqında rəsmi məlumatın verilməsi ərəfəsində Finlandiya istehsalçısının digər qurğularında tətbiq edilən texniki nailiyyətlər əsasında fikir və proqnozlarını bölüşürlər.
Smartfonun “Nokia 8” adlandırılması təxmin edilir, çünki yeni qurğu “Nokia P1” də adlandırıla bilər. Ekspertlər güman edirlər ki, yeni smartfon 2560 Х 1440 piksel təsvir ölçülü ekran, “Snapdragon 835” prosessoru və iki kamera ilə təchiz edilməklə arxa kamera 24 meqapikselli “Zeiss” optik şüşəsinə malik olacaq. Yeni qurğunun “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi ehtimal olunur.