SİYASƏT


M.Zaxarova: Rusiya Qarabağ münaqişəsi üzrə kompromis tapılması üçün hər şey edir

Moskva, 15 iyun, AZƏRTAC

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilmiş həftəlik brifinqdə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana və Azərbaycana səfərindən sonra bu qrupun Rusiya nümayəndəsi rəsmi şərhlə çıxış edəcək.

Fransanın xarici işlər nazirinin Moskvaya səfərindən danışan M.Zaxarova ehtimal edib ki, danışıqlar vaxtı Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq. “Biz həmkarlarımızla həm də bu məsələ barədə dialoq aparırıq. Ona görə də məsələnin müzakirəsi istisna olunmur”, - deyə o bildirib.

M.Zaxarova, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “Dağlıq Qarabağ məsələsi BMT-nin 4 qətnaməsi əsasında həll edilməlidir” bəyanatını da şərh edib: “Rusiya Qarabağ münaqişəsi üzrə kompromis tapılması üçün hər şey edir. Lakin bu, münaqişə tərəflərinin heç birinin, o cümlədən Dağlıq Qarabağ əhalisinin zərərinə olmamalıdır. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər bir tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın, onların rəsmi nümayəndələrinin, dövlət xadimlərinin öz baxışları var. Müəyyən olunmuş format mövcuddur ki, bu, həqiqətən köhnə problemin həllində kompromis axtarışını təklif edir. Kompromis axtarışı isə tərəflərin mövqelərinin onların bir-birinə bəzən hətta nə dərəcədə zidd ola bilməsindən asılı olmayan yaxınlaşmadır. Bu, beynəlxalq praktikadır - ilk baxışda həlledilməz kimi görünən məsələlərin həllini diplomatik yolla tapmaq praktikasıdır. Biz razılaşırıq ki, mövcud vəziyyət münaqişənin həll edilməsini və irəliləməni tələb edir, məhz buna görə də xüsusilə son vaxtlar əlaqələr intensivləşdirilib və müxtəlif formatlarda keçirilir. Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi kompromis tapılması üçün bütün lazım olanı edir”.

“Əlbəttə, istərdik ki, kompromis mümkün qədər tez tapılsın. Lakin bu, iki ölkənin xalqlarının və əlbəttə ki, Dağlıq Qarabağda bilavasitə yaşayan insanların gələcəyinin zərərinə olmasın”, - deyə M.Zaxarova vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.