İQTİSADİYYAT
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub
Bakı, 17 avqust, AZƏRTAC
Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə giriş və çıxışı təmin edən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yollarının müxtəlif hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər “Azəravtoyol”un mütəxəssisləri tərəfindən aşkar edilib, problemlər aradan qaldırılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 kilometr hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atılıb, 17,6 min kvadratmetr piyada səkisi tikilib.
Səkilərin kənarlarına 10,9 min poqonmetr səki daşları quraşdırılıb və xüsusi “cib”li dayanacaqlar inşa olunub. Yağış sularının yolun hərəkət hissəsindən nizamlı axınını təmin etmək məqsədilə yolboyu lazım olan hissələrdə 490 poqonmetr yağış-kanalizasiya xətti tikilib.
Həmçinin hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 min metr olan dəmir-beton təhlükəsizlik sədləri qoyulub və xüsusi siqnal dirəkləri quraşdırılıb.
Bununla da, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 kilometr hissəsində nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.