QAN YADDAŞI
M.Axundova: Dünya birliyi ermənilərin qəsbkarlıq siyasətinin qarşısını almalıdır
Bakı, 26 fevral, AZƏRTAC
Ermənilərin törətdikləri Xocalı qırğınından 25 il ötür. Lakin yüz illər, əsrlər keçsə də, bu qanlı hadisə yaddan çıxmayacaq. Düşmən Xocalıda insanlığa qarşı ən amansız vəhşiliklər edib. Dünya birliyi ermənilərin qəsbkarlıq siyasətinin qarşısını almalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Ağdamdan olan məcburi köçkün Mehriban Axundova deyib.
M.Axundova qeyd edib ki, Xocalı faciəsi tarixin qanlı səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda dinc, günahsız insanları qəddarlıqla qətlə yetiriblər, şəhəri büsbütün yerlə-yeksan ediblər. O qanlı gecədə qardaşım Məzahir Əbilov da döyüşlərdə qəhrəmancasına şəhid olub. Mən bir bacı kimi şəhid qardaşımla qürur hissləri keçirirəm. Qardaşım doğma Vətən, torpaq yolunda canını qurban verib.
M.Axundova ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.