CƏMİYYƏT
Maarifləndirici layihə: “Sağlam həyat naminə erkən nikaha YOX deyək!”
Bakı,1 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin xüsusilə, gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilməsi məqsədilə “Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı genişmiqyaslı maarifləndirici layihə həyata keçirilir.
Komitədən AZƏRTAC-a verilən məlumata görə layihə çərçivəsində ekspertlərin iştirakı ilə erkən nikah halları və onların yaratdığı fəsadlar mövzularında müzakirələr təşkil olunacaq. Bu silsilədən növbəti tədbir 2015-ci il aprelin 2-də Qaradağ rayonun Qobustan qəsəbəsində keçiriləcək.
Qeyd edək ki, komitə tərəfindən mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl iş aparılır.