REGİONLAR
Maarifləndirici tədbirdə dini ekstremizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edilib
Bərdə, 12 yanvar, AZƏRTAC
Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində keçirilən maarifləndirici tədbir “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, dindarların, dini icma nümayəndələrinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev çıxış edərək, dini radikalizm və ekstremizmə qarşı mübarizə üsullarından, ekstremizmin fəsadlarından, eləcə də bu sahədə mövcud qanunvericilikdən bəhs edib.
Tədbirdə şöbənin baş məsləhətçisi Rahib İbrahimov, “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və başqaları ölkəmizdəki tolerant mühitdən, dövlətin bu sahədə yürütdüyü uğurlu siyasətdən, gəncləri dini radikalizm və ekstremizmin təsirlərindən qorumağın vacibliyindən danışıblar.
Sonda iştirakçılara DQİDK tərəfindən çap edilmiş kitablar paylanılıb.