REGİONLAR


Maarifləndirici tur-aksiya iştirakçıları Qəbələdə

A+ A

Qəbələ, 18 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.

AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Şirvan şəhəri, İmişli və Füzuli rayonlarından olan məktəblilər noyabrın 18-də Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunun tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar.

Tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Şagirdlər muzeyin qarşısında kollektiv xatirə şəkli çəkdiriblər.

Məktəblilərin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı məlumat verilib ki, kompleksin 4 kanat xəttinin hamısında və 10 xizək yolundan 8-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.

Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə kresloların aşağı enməsi ilə konsert və iclas üçün müstəvi halına keçə bilir.

Sonra şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

“Beltmann” piano fabrikində istehsal prosesi ilə maraqlanan tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir.

Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab olunur. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 udi yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Nic qəsəbəsində udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur.

Sonra məktəblilər Qəbələ konserv zavoduna gəliblər. On iki hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar istehsal olunur. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.

Həmçinin şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiya iştirakçılarına sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim Qəbələ şəhəri barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.