REGİONLAR
Maarifləndirici tur-aksiya yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynayır VİDEO
Qax, 16 mart, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax rayonunun məktəblilərindən ibarət qrup martın 16-da səhər saatlarında Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıb.
AZƏRTAC xəbər verir ki, məktəbliləri yola salmaq üçün Qax şəhərinin mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər tur-aksiya iştirakçılarına tövsiyələrini verir, səfər zamanı necə davranmalı olduqlarını bir daha izah edirdilər.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin meydanda ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs edib, belə layihələrin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.
Bildirilib ki, Qax məktəbliləri tur-aksiyanın əvvəlki mərhələlərində ölkəmizin şimal və cənub bölgələrinin tarixi məkanları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bu mərhələdə isə onları respublikamızın qərb bölgəsində maraqlı ekskursiyalar gözləyir. Səyahət zamanı məktəblilər Gəncə, Şəmkir və Göygöl şəhərlərində Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər. Gəncə şəhərindəki qədim Qala divarları, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin və Cavadxanın məqbərələri, avtomobil zavodu, həmçinin Şəmkir və Göygölün tarixi məkanları ilə tanışlıq məktəblilərin ürəyincə olacaq.
Vurğulanıb ki, bu tur-aksiya ölkəmizdə təhsilin inkişafına, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verilən böyük önəmin bariz nümunəsidir.
Tur-aksiyada iştirak edən İlisu kənd tam orta məktəbin 10-cu sinif şagirdi Ramilə Seydəliyeva, Cəlayir kənd məktəbinin 10-cu sinif şagirdi Hüseyn Heydərov, Qax şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Zeynəb Aslanova, şəhər 5 nömrəli məktəbin 10-cu sinif şagirdi Çələbi Məcid AZƏRTAC-a müsahibələrində layihədə iştirak etdiklərinə görə qürur hissi keçirdiklərini bildirib, qədim Gəncə diyarına, dahi Nizaminin, Cavadxanın yurduna ekskursiyanı böyük səbirsizliklə gözlədiklərini deyiblər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yola düşüblər.