REGİONLAR
Maarifləndirici tur-aksiyanın iştirakçıları arasında Goranboy məktəbliləri də var
Goranboy, 16 mart, Rauf Hacıyev, AZƏRTAC
Martın 16-da “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Goranboy məktəbliləri Qəbələ-Şəki-Zaqatala rayonlarına 4 günlük ekskursiyaya yola düşüblər.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində rayon rəhbərliyi, təhsil idarəsinin işçiləri və valideynlər iştirak ediblər.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tur-aksiyanın əhəmiyyətini qeyd edərək, bunun nəinki məktəblilərin tətil günlərinin xoş və mənalı keçirilməsində, habelə onların ayrı-ayrı bölgələr haqqında zəngin məlumatlar almalarında böyük önəm daşıdığını vurğulayıb.
Ekskursiyaya qatılan şagirdlərdən Hikmət Abbasov bildirib ki, bu, layihə çərçivəsində onun ilk səfəridir. Qarşıdakı 4 gün ərzində mənalı istirahətlə yanaşı, bölgələr haqqında müəyyən bilgilər də əldə edəcəyini vurğulayan Hikmət Abbasov qeyd edib ki, hər bir şagird kimi ölkəmizin bölgələri ilə tanışlıq onun da arzusudur. Bölgələrimizi qarış-qarış gəzmək istəyən şagird bu imkanı onlara yaratdığına görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Tur-aksiya çərçivəsində Goranboy məktəbliləri Heydər Əliyev parkındakı Zəfər tağının qarşısından yola düşüblər. Goranboy məktəblərindən 40 şagird şimal-qərb bölgəsi ilə əyani tanış olacaq, gəzməli-görməli və tarixi yerlərə ekskursiya edəcəklər.