REGİONLAR
Maarifləndirici tur-aksiyanın iştirakçıları arasında Zaqatala məktəbliləri də var
Zaqatala, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları uğurla davam edir.
“Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonunun məktəbliləri də tur-aksiyanın iştirakçıları arasındadırlar.
AZƏRTAC xəbər verir ki, noyabrın 17-də səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında qələbəlik var idi. Tur-aksiya çərçivəsində Lənkəran-Astara-Masallı marşrutu üzrə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün bura toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə son tövsiyələrini verirdilər.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, artıq üç ildir ki, uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini bildirib. Vurğulanıb ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin bariz nümunəsidir. İcra hakimiyyətinin başçısı ekskursiyanın məktəblilər üçün çox faydalı olacağına, tur-aksiya iştirakçılarının ölkəmizin cənub bölgəsindən zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.
Valideynlər adından çıxış edən Məlahət Baqqayeva bildirib ki, bu gün övladlarının həyatında əlamətdar bir gündür. Onlar bu tur-aksiyaya böyük sevinc və fərəh hissi ilə qoşulublar. Məktəblilərə bu sevinci yaşadan isə gənclərin yaxın dostu, Azərbaycan Prezidenti İlham Əliyevdir.
Yolasalma mərasimində çıxış edən Zaqatala şəhər 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Məhəmməd Səfərov ekskursiyanın məktəblilərin Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi ilə bağlı biliklərinin zənginləşməsində əhəmiyyətini vurğulayaraq, onlara yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Humanitar fənlər gimnaziyasının 9-cu sinif şagirdi Aylin Məmmədova, Yuxarı Tala kənd 4 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şəfəq Ömərova, Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Səyalı Şirinova və digər məktəblilər layihədə iştirak etdiklərinə görə böyük qürur hissi keçirdiklərini söyləyib, cənub bölgəsinin tarixi məkanlarına ekskursiyanı böyük səbirsizliklə gözlədiklərini deyiblər.
Yola düşməzdən əvvəl tur-aksiya iştirakçıları Ulu Öndərin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Meydanın mərkəzində “Yallı” rəqsini ifa edən məktəblilər daha sonra havaya sülh və sevinc rəmzi olan göyərçin və şarlar buraxıblar.
Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra Zaqatala məktəbliləri onlar üçün ayrılmış avtobusla Lənkəran-Astara-Masallı marşrutu üzrə yola düşüblər.