REGİONLAR


Maarifləndirici tur-aksiyaya Balakən məktəbliləri də qoşulub VİDEO

A+ A

Balakən, 17 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Balakən rayonunun məktəblilərindən ibarət qrup noyabrın 17-də respublikamızın cənub bölgəsinə yola düşüb.

AZƏRTAC xəbər verir ki, Lənkəran-Astara-Masallı marşrutu üzrə ekskursiyaya çıxan Balakən məktəblilərini yola salmaq üçün Mədəniyyət Mərkəzinin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini veriblər.

Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova bildirib ki, dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən bu tur-aksiya böyüməkdə olan nəslin vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir. Balakənli məktəblilər dörd gün ərzində cənub bölgəsinin tarixi məkanları ilə yaxından tanış olacaq, görməli yerlərini gəzəcək, istehsal müəssisələrinə baş çəkəcəklər. Məktəblilər, eyni zamanda, marşrut boyunca yerləşən şəhər və rayonlarımızda gedən tikinti-quruculuq işlərinin, iqtisadi tərəqqinin canlı şahidi olacaq, yurdumuzun gözəlliklərini əyani şəkildə görəcəklər.

Məktəblilər bu ekskursiyadan çoxlu bilgi, məlumat əldə edəcəklərinə əmindirlər. Onların əksəriyyəti ilk dəfədir respublikamızın cənub bölgəsinə səyahət edirlər. Dövlətimizin başçısının təşəbbüsü ilə gerçəkləşən bu layihə sayəsində balakənli məktəblilər Lənkəran, Astara və Masallı rayonlarındakı Heydər Əliyev mərkəzləri və muzeylərlə tanış olacaq, Hirkan Milli Parkına, Xanbulan gölünə, Viləşçay su anbarına ekskursiya edəcək, həmçinin sitrus meyvə bağlarına, çay plantasiyası və çay fabrikinə baş çəkəcəklər.

Sonda 40 məktəbli və 5 müşayiətçinin daxil olduğu qrup onlar üçün ayrılmış avtobusla Lənkəran-Astara-Masallı marşrutu üzrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.