REGİONLAR
Maarifləndirici tur-aksiyaya Şəki və Oğuz məktəbliləri də həvəslə qoşulublar
Şəki, 23 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Şəki və Oğuz məktəblilərindən ibarət qruplar martın 23-də səhər saatlarında respublikamızın qərb bölgəsinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan şəkili məktəbliləri yola salmaq üçün şəhər icra hakimiyyətinin binası qarşısına toplaşan icra hakimiyyətinin məsul işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı istirahət arzulayıblar.
Yolasalma mərasimində çıxış edənlər artıq dördüncü ildir ki, uğurla davam edən “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu tur-aksiya məktəblilərə ölkəmizin müxtəlif bölgələrinin tarixi məkanları və iqtisadiyyatı ilə yaxından tanış olmaq imkanı yaradır. Səyahət zamanı məktəblilər Gəncə, Şəmkir və Göygöl şəhərlərində Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər. Gəncə şəhərindəki qədim Qala divarları, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin və Cavad xanın məqbərələri, həmçinin Şəmkir və Göygölün tarixi məkanları ilə tanışlıq məktəblilərin ürəyincə olacaq.
Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yola düşüblər.
x x x
“Ölkəmizi tanıyaq” tur-aksiyasına Oğuz məktəbliləri də böyük həvəslə qoşulublar. Martın 23-də rayonun fəal məktəblilərindən ibarət qrup səhər saatlarında respublikamızın qərb bölgəsinə yola salınıb.
Rayon icra hakimiyyətində keçirilən yolasalma mərasimində çıxış edən icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski tur-aksiyanın önəmindən danışıb. Bildirib ki, məktəbliləri dörd gün ərzində Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında çox maraqlı ekskursiyalar gözləyir. Onlar bu rayonların tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, görməli yerlərini gəzəcəklər. Bundan əlavə, tur-aksiya iştirakçılarının asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, bilik yarışlarının, əyləncəli proqramların təşkili də nəzərdə tutulub.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər.