REGİONLAR
Maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Pedaqoji Kollecində gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqdə gənclərə biznes ideyanın yaradılması, biznes planın hazırlanması, marketinq araşdırmalarının aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, tədbirdə iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlandırılıblar.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.