ELM VƏ TƏHSİL
Macar alimi Georq Hazainin kolleksiyası rəqəmsallaşdırılıb
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) macar alimi Georq Hazainin kolleksiyasının rəqəmsallaşdırılmasına dair təqdimat keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, MEK-in direktoru Leyla İmanova rəhbərlik etdiyi qurumda kolleksiyaların rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışıb. Kitabxananın rəqəmsallaşdırma şöbəsində istənilən sənədin PDF və ya Word formatlarda rəqəmsallaşdırıldığını deyib.
Sonra rəqəmsallaşdırma şöbəsinin müdiri Elmar Quliyev iş prosesi barədə məlumat verib. Bildirib ki, kitablar əl izlərindən təmizlənərək yüksək keyfiyyətli avadanlıqla skan olunur və kompüterlərə köçürülərək rəqəmsallaşdırılır. O, nadir fonddan min, Milli Rəqəmsal Yaddaş bazasından 250 kitab, jurnal, şəxsi kolleksiya, 2500-dək avtorefarat və dissertasiya olmaqla ümumilikdə 5000 sənədin rəqəmsallaşdırıldığını qeyd edib.