ELM VƏ TƏHSİL
Macar şairi İmre Madaçın əsərinin Azərbaycan dilində nəşri ədəbi-mədəni əlaqələrin inkişafına töhfədir
Bakı, 16 mart, Xatirə Cəfərova, AZƏRTAC
Bakıda “Macarıstan günləri” keçirilir. Tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstanın Xarici İşlər Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə birgə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, martın 16-da “Macarıstan günləri” çərçivəsində MEK-də macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub.
Tədbirdə çıxış edən Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Azərbaycanda “Macarıstan günləri”nin təşkilinə görə minnətdarlığını bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-Macarıstan münasibətlərinə, iki dost ölkə arasında əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.
Akademik qeyd edib ki, iki ölkə arasında ədəbi əlaqələr XX əsr boyu və müstəqillik illərində geniş inkişaf edib. Qarşılıqlı olaraq Azərbaycan ədəbiyyatı macar dilinə, macar ədəbiyyatının qiymətli nümunələri isə ana dilimizə tərcümə olunub, dəfələrlə kitab halında nəşr edilib.
AMEA-nın vitse-prezidenti bildirib ki, macar ədəbiyyatının görkəmli klassiki İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilinə tərcüməsi və Bakıda yüksək poliqrafik səviyyədə nəşri müasir dövrdə ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə böyük töhfədir.
Qeyd olunub ki, XIX əsrdə yazılmasına baxmayaraq “İnsanın faciəsi” poetik dramı bu gün də müasir səslənir. İndiyə qədər bu möhtəşəm əsər 40-dan çox dilə, o cümlədən bütün Avropa dillərinə tərcümə olunub. Əsər Azərbaycan dilinə ilk dəfə tərcümə edilir.
Tərcümənin redaktoru, ötən əsrin 60-cı illərində Bakı Dövlət Universitetində təhsil almış, Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin inkişafına daim əhəmiyyətli töhfələr verən macar mütəxəssisi Maria Keneşidir.
Ümumbəşəri dəyərlərin təbliğinə, Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına və dünya azərbaycanlılarının macar ədəbiyyatının incilərindən biri ilə yaxından tanış olmasına xidmət edən bu nəşrin tərcümə edilməsi görkəmli türkoloq alim Georq Hazainin böyük arzusu idi. Onun qızı Sesilia Hazainin rəhbərlik etdiyi “Twin Media” şirkəti layihənin həyata keçirilməsində yaxından iştirak edib, “1001 kitab” nəşriyyat evinin tərəfdaşı olub. Kitabın məsləhətçisi Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanovadır.
Sonda macar mütəxəssisi Maria Keneşi mükafatlandırılıb.