DÜNYA
Macarıstan iqtisadi miqrantları geri qaytaracaq
Budapeşt, 4 sentyabr, AZƏRTAC
Macarıstan bu ölkəyə gələn bütün miqrantları qeydiyyata alacaq. Bu halda Macarıstanın hakimiyyət orqanları “iqtisadi miqrantları” gəldikləri ölkələrə qaytaracaqlar.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə məlumat verərək qeyd edib ki, Budapeşt bu ölkəyə gələn bütün miqrantları, hətta onlar Avropa İttifaqının sərhədini birinci olaraq Macarıstanda keçmədikləri halda da qeydiyyata alacaq.
Peter Siyarto deyib: “Biz Macarıstanda onlara sığınacaq verilməsi barədə xahiş edənlərin hər birini qeydiyyata alacaq və onların xahişlərinə baxacağıq. Əgər qərar müsbət olsa, qaçqınlar burada qala bilər”.
Lakin Macarıstan “iqtisadi miqrantlara” sığınacaq verməyəcək. Nazir daha sonra deyib: “Biz belə bir yükü daşıya bilmərik, buna görə də onlar haradan gəliblərsə, oraya da qaytarılacaqlar”.
Onun sözlərinə görə, Budapeşt miqrantların bölüşdürülməsi üçün kvotalar sistemini dəstəkləmir. Peter Siyarto qeyd edib ki, bu sistem miqrantların, habelə qaçaqmalçıların qeyri-leqal şəkildə Avropaya göndərilməsinə imkan yaradır.
Eyni zamanda Macarıstanı və Avstriyanın ünvanına onların Dublin konvensiyasını pozmaları barədə Avropa İttifaqında ittihamlar getdikcə ucadan səslənir. Həmin Konvensiyaya görə, siyasi sığınacaq verilməsi barədə xahişlə müraciət edən miqrant Avropa İttifaqının sərhədini birinci olaraq Aİ-nin hansı ölkəsində keçibsə, bu xahişə baxılmasına həmin ölkə cavabdehdir. Avropa Komissiyası bu Konvensiyanın müddəalarını pozan ölkələrə qarşı təhqiqat başlanacağını bildirib.
Yerli polisin məlumatına görə, sentyabrın 1-də gün ərzində Macarıstandan və Avstriyadan Bavariyaya gələn miqrantların sayı 3500-dən çox olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt