MƏDƏNİYYƏT
Macarıstandakı səfirlərin xanımlarına Azərbaycanın çay ənənələri barədə məlumat verilib VİDEO
Budapeşt, 18 may, AZƏRTAC
Bu günəşli may günlərində Macarıstanın paytaxtında ölkədə akkreditə olunmuş səfirlərin xanımları klubunun (DSB – Diplomatic Spouses of Budapest) növbəti görüşü olub. Bu dəfə rotasiya hüququ ilə görüş yerinin sahibi Azərbaycan Respublikasının səfirliyi, görüşün mövzusu isə çoxəsrlik çay süfrəsi ənənəsi nümunəsində Azərbaycan xalqının mədəni irsi olub.
Qonaqları – DSB-nin 30 nəfərdən çox üzvünü proqramın təşəbbüsçüsü, Azərbaycanın Macarıstandakı səfirinin xanımı Şəhla Vəzirova salamlayıb.
Sonra AZƏRTAC-ın Macarıstandakı xüsusi müxbiri Pərvanə Qarayeva Azərbaycan çayı haqqında PowerPoint təqdimatı keçirib və təqdimat çayın dəmlənməsi üzrə ustad dərsi ilə başa çatıb. Tüstülənən samovarın zala gətirilməsi təqdimatın kulminasiyası olub.
Ş.Vəzirova isə qonaqlara ənənəvi şirniləri – qoz, qızılgül və feyxoa mürəbbələrini, habelə şəkərbura və paxlavanı təqdim edərək, zala toplaşanları çayla onların dadına baxmağa dəvət edib. Bundan əlavə, qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif təamları da təklif olunub.
DSB-nin üzvləri təqdimatdan xoş təəssüratla ayrılıblar.
PowerPoint təqdimatına bu link vasitəsilə baxmaq olar:
Budapeşt