MƏDƏNİYYƏT


Macarıstanın at ekspedisiyası Bakıya çatıb

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC 

Macarıstanın “At belində İpək Yolu” ekspedisiyasının Bakıya çatması ilə əlaqədar sentyabrın 9-da bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında (İçərişəhərdə) səfirlik əməkdaşlarının səyahətçilərlə görüşü olub. Səfir İmre Laslotski tədbirdə iştirak edib.

Ekspedisiyanın rəhbəri, ixtisasca həkim olan İştvan Bentse AZƏRTAC-a müsahibəsində bildirib ki, son bir neçə ildə bu cür tədbirlərin təşkili istiqamətində böyük təcrübə qazanıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb.

Qonaq qeyd edib ki, ekspedisiyanın məqsədi mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların nümayəndələri arasında dostluq əlaqələrinin qurulması, habelə atçılıq mədəniyyətinin populyarlaşdırılmasıdır. Bu dəfə səyahətçilər, üzərində yerləşən ölkələri indiyədək birləşdirən Böyük İpək Yolunun qədim marşrutu üzrə gəliblər.

İştvan Bentse məlumat verib ki, Böyük İpək Yolu üzrə - uzunluğu təxminən 15 000 kilometr - at belində səyahəti 3 mərhələyə bölüb. Birinci, indiki mərhələ - ekspedisiyanın Bakıya gəlməsi ilə Azərbaycanda başa çatır. Ekspedisiya birinci mərhələdə Serbiya, Bolqarıstan, Qara dəniz (bərə ilə), sonra isə atla Gürcüstan və Azərbaycandan keçir. Qonaqlar Azərbaycanın Oğuz, Şəki, Qəbələ kimi tarixi guşələrinə də baş çəkiblər. Gələcəkdə bu marşrutun genişləndirilməsi nəzərdə tutulur.

Ekspedisiyanın rəhbəri, həmçinin vurğulayıb ki, sərhədlərin kəsişməsi və hava şəraiti ilə əlaqədar bəzi çətinliklərə baxmayaraq, ekspedisiyanın bütün üzvləri bu işə ruh yüksəkliyi ilə yanaşırlar.

Sonda qonaqlar bu təşəbbüsün həyata keçirilməsində köməyə görə Macarıstanın dövlət orqanlarına, habelə Azərbaycanın Budapeştdəki səfirliyinə və Macarıstanın ölkəmizdəki səfirliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.