SİYASƏT
Madriddə Ermənistanın təxribat xarakterli stendləri ifşa olunub
Bakı, 23 yanvar, AZƏRTAC
İspaniyanın Madrid şəhərində keçirilən “FİTUR” Beynəlxalq Turizm Sərgisində Azərbaycan da iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın da qatıldığı sərgidə həmişə olduğu kimi, bu dəfə də ermənilərin təxribat xarakterli stendləri diqqətdən kənarda qalmayıb. Belə ki, Ermənistanın təqdimat stendində Qarabağa aid şəkillər və materiallar yer alıb. Bununla bağlı, həmin günlərdə BMT-nin Dünya Turizm Təşkilatının və İspaniya hökumətinin təşkilatçılığı ilə keçirilən BMT-nin “İnkişaf üçün Davamlı Turizm Beynəlxalq İli”nin açılış mərasimində iştirak etmək üçün Madriddə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyətimiz, həmçinin Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən bir sıra vacib addımlar atılıb.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq sərginin rəhbərliyinə, həm də Dünya Turizm Təşkilatına hadisə baş verən gün müvafiq etiraz məktubları göndərilib. Məktublarda BMT tərəfindən qəbul olunmuş, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə, eləcə də 2015-ci ildə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 100-cü iclasında qəbul edilmiş “Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair” qərara bir daha istinad edilib. Ə.Qarayev məsələ ilə bağlı Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə müzakirə aparıb və Ermənistan tərəfinin bu beynəlxalq hüquqazidd hərəkətlərinin həm təşkilatın fəaliyyətinə, həm də qəbul etdiyi qərarlara hörmətsizliyini vurğulayıb. Baş katib Taleb Rifai Azərbaycan tərəfinin narahatlığını böyük həssaslıqla qəbul etdiyini və məsələ ilə bağlı aidiyyəti tərəflərlə danışıqlar aparacağını diqqətə çatdırıb.
Bununla bağlı, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Xarici İşlər Nazirliyi və FİTUR rəhbərliyi ilə görüşlər keçirərək ölkəmizin mövqeyini qarşı tərəfə çatdırıb, Ermənistanın belə təxribatlarının qarşısının alınmasının zəruri olduğunu qeyd edib. İspaniyanın müvafiq qurumları Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin bir sıra hallarda özəl sahədə baş verənlərə dövlətin müdaxilə edə bilmədiyini qeyd edərək sərgi təşkilatçılarını məsələnin həssaslığı barədə məlumatlandıracaqlarını bildiriblər.
Daha sonra sərgidə Ermənistan stendi qarşısında İspaniyada yaşayan həmvətənlərimizin etiraz aksiyası təşkil edilərək işğalçı Ermənistanın təcavüzkar fəaliyyətlərinə dair lövhə və bannerlər nümayiş olunub. Aksiyalar çərçivəsində “Qarabağ Azərbaycanındır!”, “İşğala son!”, “Ermənistan işğalçıdır!” şüarları səsləndirilib, iştırakçılar Azərbaycan həqiqətləri və erməni təcavüzü barədə məlumatlandırılıblar.