İDMAN
Madridin “Real” klubunun baş məşqçisi postunu böyük ehtimalla Rafael Benites tutacaq
Bakı, 26 may, AZƏRTAC
Madridin “Real” klubunun yeni baş məşqçisi İtaliyanın “Napoli” klubunda karyerasını başa vuran ispan mütəxəssis Rafael Benites olacaq. FİFA-nın agenti Ernesto Bronzetti jurnalistlərə müsahibəsində bu versiyanın 99 faizlik ehtimal olduğunu deyib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, bir qədər əvvəl Madridin “Real” klubunun prezidenti Florentino Peres 55 yaşlı Karlo Ançelottinın istefası barədə açıqlama vermişdi.
Ernesto Bronzetti baş məşqçi postuna namizədlər sırasında mövsüm başa çatdıqdan sonra Dortmundun “Borrusiya” klubunu tərk edəcək Yurgen Klopp və “Real”ın gənclər komandasının baş məşqçisi fransız Zinəddin Zidanın da adlarının hallandığını deyib.
Xatırladaq ki, Karlo Ançelotti 2013-cü ildə “Real” klubunun baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında madridlilər İspaniya kubokunu və UEFA-nın super kubokunu qazanıb, həmçinin Cempionlar Liqasının və dünya klub çempionatının qalibi olub. Bütün bu mükafatlar 2014-cü ildə qazanılıb. Budəfəki futbol mövsümündə isə “Real” dünya klub çempionluğundan başqa heç bir titul əldə edə bilməyib.