ELM VƏ TƏHSİL
Magistr dərəcəsi alan gənclərlə görüş keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, riyaziyyat və ingilis dili ixtisasları üzrə magistr dərəcəsi alan gənclərlə görüşüb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, M.Abbaszadə artıq dörd ildir TQDK-da yazı işlərini (eləcə də esseləri) yoxlayıb qiymətləndirəcək mütəxəssislərin (markerlərin) hazırlanması istiqamətində iş aparıldığını söyləyib. Qeyd edilib ki, indiyədək ana dili və riyaziyyat fənləri üzrə mütəxəssislər hazırlanıb, lakin qarşıdakı tədris ilindən başlayaraq ingilis dili fənni üzrə də markerlərin hazırlanması nəzərdə tutulur.
Görüşdə həmçinin, hər bir fənn üzrə magistrlərlə yazı işlərinin yoxlanılması ilə bağlı praktik treninqlər keçiriləcəyi, treninqdə uğurla iştirak edənlərin yazı işlərinin yoxlanılmasına marker qismində cəlb olunacağı və əməkdaşlığın müxtəlif sahələr üzrə aparılacağı vurğulanıb.
Sonda M.Abbaszadə gənc mütəxəssislərin suallarını cavablandırıb.