ELM VƏ TƏHSİL
“Magistr” jurnalının altıncı nömrəsi çapdan çıxıb
Bakı, 5 avqust, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının altıncı nömrəsini nəşr etdirib.
Jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə boş qalan yerləri olan ixtisaslaşmalar bir jurnalda – Azərbaycan dilində dərc edilib.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının online satışı" xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/ ).