ELM VƏ TƏHSİL
“Magistr” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
Bakı, 24 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının builki üçüncü nömrəsini nəşr etdirib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.
Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalı və ikinci mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmalarını, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.
Qəbul imtahanının birinci mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr seçmək hüququ olan ixtisaslaşmaların arasından istəyinə uyğun olanları seçməli (seçilən ixtisaslaşmaların hamısı eyni proqrama aid olmalıdır) və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.
Nəşrdə jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar üçün keçiriləcək müsahibə barədə də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yerinə yetirəcəkləri yazı işlərinə (esse (inşa), tərcümə və ixtisas üzrə suallara yazılı cavablara) qoyulan tələblər də nəşrdə təqdim olunub.
Jurnalda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olunmaq istəyən bakalavrların verəcəkləri qabiliyyət imtahanının proqramları və həmin imtahanlar haqqında məlumat da dərc edilib.
Azərbaycan dilində olan jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m; Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Jurnalın Azərbaycan və rus dillərində olan elektron versiyalarını isə (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).