ELM VƏ TƏHSİL
Magistr olmaq istəyən tələbələrə böyük imkan yaradılıb
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) magistraturaya hazırlaşan tələbələr və onların hazırlığı ilə məşğul olan müəllimlərlə görüş keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov ali məktəbdə magistrlər üçün yaradılan hazırlıq kurslarından danışıb. Vurğulanıb ki, universitetin təşkil etdiyi kurslarda təmənnasız olaraq hazırlaşan həmin tələbələrin 87 faizi magistratura imtahanının birinci mərhələsini keçib. Dövlət İmtahan Mərkəzindən (DİM) universitetə təqdim olunan nəticələrdə göstərilir ki, AzTU-dakı kuslarda hazırlaşan və imtahan verən 567 tələbədən 496-sı müsabiqənin birinci mərhələsini keçib.
Bildirilib ki, universitetdə bu il ilk dəfə müsabiqənin ikinci mərhələsi üçün də hazırlıqlar həyata keçiriləcək.
Qeyd edilib ki, birinci mərhələyə hazırlıqda olduğu kimi, ikinci mərhələyə hazırlıq prosesində də tələbələrin bilik səviyyəsinin müəyyənləşdirilməsi üçün bir neçə dəfə diaqnostik qiymətləndirmə aparılacaq.
AzTU-da təşkil olunan hazırlıq kurslarında rəsmi müraciətlə və Təhsil Nazirliyinin xətti ilə kənar ali təhsil müəssisələrinin tələbələri də hazırlıq keçə bilər. Builki kurslara Azərbaycan Dövlət Dəniz Akademiyasının iki tələbəsi qatılıb və onlar magistratura imtahanının birinci mərhələsində müvəffəqiyyət qazanıblar.