CƏMİYYƏT
Magistral avtomobil yolunun ətrafında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında daxili tələbatın ödənilməsi və ixrac potensialı nəzərə alınaraq kənd təsərrüfatı əhəmiyyətli zeytun ağaclarının əkini aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ağacəkmə aksiyası Azərbaycan Prezidentinin kənd təsərrüfatı sahəsində ixracın artırılması və idxal məhsullarının azaldılması haqqında çağırışları, yerli məhsulların əkininin, istehsalının çoxaldılması istiqamətində apardığı kampaniyaya, həyata keçirilən iqtisadi islahatlara dəstək məqsədilə təşkil edilib.
Aksiyada ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, nazirliyin əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri və ekoloji qeyri-hökumət təşkilatlarının ümumilikdə 300-ə yaxın təmsilçisi iştirak edib. Ərzaq məhsulları istehsalının genişləndirilməsi məqsədilə Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun kənarındakı 1,5 hektarlıq sahədə zeytun ağaclarından ibarət yeni yaşıllıq sahəsi salınıb.
Sonra aksiya iştirakçıları 30 hektardan artıq ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Qeyd edək ki, kənd təsərrüfatı əhəmiyyətli ağacların əkilməsi ilə bağlı analoji aksiyalar ölkənin digər magistral avtomobil yollarının kənarlarında, meşə fondu ərazilərində də həyata keçirilir.