CƏMİYYƏT
Magistral qaz kəmərində baş verən yanğın söndürülüb
Bakı, 11 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC FHN-in saytına istinadla məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Dövlət Neft Şirkətinin mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə ötürülüb və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb.