CƏMİYYƏT
Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır [YENİLƏNİB] VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
Xəbər verildiyi kimi, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 millimetrlik magistral qaz kəmərində yanğın baş verib.
Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
11:15
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib. Xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.