ELM VƏ TƏHSİL
Magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qrafikə əsasən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu fevralın 10-dan 19-dək aparılacaq. Qəbul imtahanının birinci mərhələsi martın 6-da, ikinci mərhələsi iyunun 5-də keçiriləcək. Jurnalistika ixtisaslaşmalarını seçən bakalavrlar aprelin 11-dən 20-dək qeydiyyatdan keçəcək, aprel 26-dan 29-dək qabiliyyət imtahanı verəcəklər. Proqram seçimi mayın 3-dən 10-dək aparılacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı iyunun 9-dan 12-dək keçiriləcək. Onlar iyunun 13, 14, 16 və 17-də müsahibədə iştirak edəcəklər.
Qrafikə əsasən, bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatın, boş qalan yerlərə ixtisaslaşma seçiminin, boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatının da vaxtı müəyyənləşib.
Həmçinin ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu, imtahanların keçirilmə vaxtı və digər məlumatlar da plan-qrafikdə əksini tapıb.
Ətraflı məlumatı TQDK-nın rəsmi saytından əldə etmək olar.