ELM VƏ TƏHSİL


Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Bakı, 8 avqust, AZƏRTAC

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul aprelin 9-u və iyunun 4-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 8-də saat 10:00-dan avqustun 14-də saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdikləri ixtisasların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan yerləri olan ixtisasların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisas kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiq edir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının online satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.