ELM VƏ TƏHSİL
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib.
Bakalavrlar imtahan nəticələri barədə məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.
Hər bir bakalavr, həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilər.
İmtahanda iştirak etmək üçün 23 min 231 bakalavr qeydiyyatdan keçib. Onlardan 2 min 669 nəfər imtahana gəlməyib, dörd nəfər isə qaydalara zidd hərəkətlərə yol verdiyi üçün imtahandan xaric olunub. İmtahanda 20 min 558 nəfər iştirak edib.
İmtahanda ən yüksək nəticə 96 bal olub.