ELM VƏ TƏHSİL
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb VİDEO
Bakı, 6 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına iyunun 4-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
İmtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında http://eservices.dim.gov.az/netmag2 keçidi vasitəsilə imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 9.503 bakalavr iştirak edib, 19 nəfər isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
Qeyd edək ki, imtahanın ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Bakalavrlar Apellyasiya Komissiyasına iyunun 7-8-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.