ELM VƏ TƏHSİL
Magistrlərin təhsili üçün Fizika İnstitutunda geniş imkanlar yaradılıb
Bakı, 4 may, Elvira Məmmədova, AZƏRTAC
Mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda bu elm müəssisəsində təhsilin magistratura pilləsinin açılması ilə əlaqədar mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun elmi işlər üzrə prorektoru, akademik Cavad Abdinov burada təhsil alacaq magistrlər üçün yaradılan imkanlar barədə məlumat verib. Bildirilib ki, AMEA-nın digər institutları ilə yanaşı, Fizika İnstitutuna da magistr hazırlığı üzrə yerlər ayrılıb. Burada magistrlər iki ixtisas (nəzəri və riyazi fizika və bərk cisim fizikası) üzrə təhsil ala biləcəklər. Bu ixtisaslara ödənişsiz əsaslarla dörd yer ayrılıb, onlardan üçü bərk cisim, biri isə nəzəri fizika ixtisası üçün nəzərdə tutulub.
Akademik bildirib ki, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda doktorantura iki pillədən - fəlsəfə doktoru və elmlər doktoru pillələrindən ibarətdir. AMEA-nın doktorantura pilləsi üzrə çox böyük təcrübəsi var. Ölkənin müxtəlif universitetlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında çalışan fəlsəfə və elmlər doktorlarının əksəriyyəti akademiyada hazırlanıb.
C.Abdinov diqqətə çatdırıb ki, son illər Prezident İlham Əliyevin elm sahəsinə göstərdiyi diqqət nəticəsində Fizika İnstitutu müasir və nadir cihazlarla təchiz edilib. Bu baxımdan institutda magistrlərin hazırlanması üçün həm eksperimental, həm də nəzəri baza çox güclüdür. Burada fəaliyyət göstərən nəzəri fizika laboratoriyasında güclü mütəxəssislər çalışırlar. Fizika İnstitutunda təhsil alan magistrlər həm nəzəri, həm təcrübi hazırlıq keçəcəklər. İnanıram ki, onlar magistraturanı bitirdikdən sonra elmi-tədqiqat işi aparmağa hazır olacaqlar. Bundan əlavə, magistrlər təhsil aldıqları müddətdə Fizika İnstitutunda işləmək imkanı da qazanacaqlar, təhsillərini bitirdikdən sonra isə daimi iş yerləri ilə təmin oluna bilərlər. Biz bu elm müəssisəsində gələcəyin doktorantlarını da yetişdirə bilərik.
Tədbirdə Fizika İnstitutunun eksperimental imkanlarını əks etdirən videoçarx nümayiş olunub.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.