MƏDƏNİYYƏT


Mahaçqala şəhərində “Dərbənd xalçaçılığı” monoqrafiyasının təqdimatı keçirilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Dağıstan Respublikasının Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə Mahaçqala şəhərindəki “Dostluq” evində tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun və Rusiya Elmlər Akademiyasının (REA) Dağıstan Elmi Mərkəzinin əməkdaşı, tarix elmləri doktoru, professor Məhəmmədxan Məhəmmədxanovun müəllifi olduqları “Dərbənd xalçaçılığı” monoqrafiyasının təqdimatı keçirilib. Bu əsər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və REA-nın Dağıstan Elmi Mərkəzinin (DEM) Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi fundamental elmi layihə əsasında işıq üzü görüb.

“Azər-İlmə” Xalçaçılıq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Dağıstan Respublikasının müxtəlif nazirlik və idarələrinin, ictimai təşkilatlarının nümayəndələrinin, mədəniyyət, incəsənət və elm xadimlərinin, KİV, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif sahə institutlarının alimlərindən ibarət nümayəndə heyətinin qatıldığı tədbirdə iştirakçılar əvvəlcə görkəmli siyasi-ictimai xadim Əziz Əliyevin Mahaçqala şəhərində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.

Təqdimat mərasimində çıxış edən Dağıstanın milli siyasət naziri Tatyana Qamaley deyib ki, bu qəbildən olan, yüksək elmi və poliqrafik səviyyədə həyata keçirilən böyük miqyaslı müştərək layihələr, xalqlarımız üçün mühüm əhəmiyyət kəsb edən hadisədir.

Müəlliflərini təbrik edən Dağıstan Respublikasının Baş nazirinin birinci müavini Anatoliy Karibov bildirib ki, “Dərbənd xalçaçılığı” layihəsi Azərbaycan və Dağıstan xalçaçılarının, tədqiqatçılarının, tarixçi və etnoqraflarının gələcək əməkdaşlığına təkan olacaq, Dağıstanda xalq sənətkarlıq sahələrinin və etnoturizmin inkişafına kömək edəcək.

Monoqrafiya müəlliflərinə təşəkkürnamələr təqdim edən Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayeva deyib: “Xalça xalqların tarixini və mədəniyyətini özündə əks etdirən xüsusi işarələr və simvollar dünyasıdır. Mənim üçün bu kitabda Rusiya və Azərbaycan muzeylərində qorunan xalçaçılıq sənətinin ən gözəl nümunələrinin təqdim olunması xüsusilə maraqlıdır”.

Tədbirdə milli siyasət nazirinin müavini, “Dostluq” evinin direktoru Təkrar Əhmədov, REA-nın Dağıstan Elmi Mərkəzinin sədr əvəzi, tarix elmləri doktoru Murtuzəli Hacıyev, DEM-in Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri namizədi Maxaç Musayev, AMEA-nın Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Mustafazadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı, Nizami adına Ədəbiyyat İnstitutunun “İctimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, sosiologiya üzrə ictimai elmlər doktoru Samir Səttarov və digərləri çıxışlarında “Dərbənd xalçaçılığı” monoqrafiyasının ictimai, elmi və mədəni əhəmiyyətindən danışıblar.

Professor Vidadi Muradov bu fundamental elmi layihənin həyata keçirilməsində Dağıstan Respublikasının hökumətinə, elmi və mədəni ictimaiyyətinin nümayəndələrinə, ziyalılarına minnətdarlığını bildirərək qeyd edib ki, xalça toxunduğu evə, ailəyə xoşbəxtlik gətirir. Rusiya və Azərbaycan alimlərinin birgə əməyinin nəticəsi olan “Dərbənd xalçaçılığı” monoqrafiyası da ölkələrimizə və xalqlarımıza sülh və əmin-amanlıq gətirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.