İDMAN


Mahir Məmmədov: Bu, tarixdə ən yaddaqalan Olimpiada olacaq

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Sentyabrın 1-14-də Bakıda keçiriləcək Dünya Şahmat Olimpiadasının direktoru Mahir Məmmədov “Sport-Ekspress” qəzetinə məxsusi müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

İki ildən bir keçirilən ən iri komanda yarışının start götürməsinə iki həftədən bir qədər çox vaxt qalıb. Bakı turnirə necə hazırlaşıb? Kimi yarışların favoriti hesab etmək olar? Nə üçün Ermənistan qrossmeysterləri Azərbaycana gəlməkdən imtina ediblər? Azərbaycan şahmatının “əsas aparıcı qüvvəsi”, SOCAR-ın Gürcüstan bölməsinin rəhbəri, ölkədə şahmatın inkişafını dəstəkləməklə bərabər, iri beynəlxalq turnirlər təşkil edən Mahir Məmmədov bu barədə və bir çox digər məsələlərdən söz açır.

-Cənab Məmmədov, Olimpiadaya hazırlıq necə gedir?

-Məsələ bundadır ki, iri beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın böyük təcrübəsi var. Özü də təkcə idman və şahmat tədbirlərinin deyil. Biz “Eurovision” müsabiqəsinin finalını, Avropa Oyunlarını, “Formula-1” yarışlarını keçirmişik. Mən yalnız ən əhəmiyyətli tədbirləri sadalayıram. Şahmata gəldikdə isə Bakıda “Qran-pri” yarışlarının bir neçə mərhələsi müvəffəqiyyətlə keçib, ötən il isə möhtəşəm Dünya Kuboku turnirini keçirmişik. Bütün dünya mətbuatı yazırdı ki, bu, indiyə qədər keçirilmiş ən yaxşı Dünya Kuboku yarışları idi. Bizim üçün isə Olimpiada qabağı məşq idi. Bu məşq çox yaxşı alındı! Yeri gəlmişkən, Şəmkirdə müvəffəqiyyətlə keçirilən superturniri – artıq ənənəyə çevrilən Vüqar Həşimov Memorialını da unutmamalıyıq.

-Bir var, Dünya Kubokunda 128 nəfər iştirak etsin ( hərçənd bu da az deyil), bir də var, kişi şahmatçılardan ibarət 200-dək komanda və qadın şahmatçılardan ibarət 150 komanda gəlsin. Axı bu, çoxlu sayda adam deməkdir. Onların hamısını yerbəyer etmək lazımdır...

-Ümidvaram ki, bütün məsələlər incəliyinə qədər düşünülüb. Bu işi ilk dəfə görmürük. Həmkarların təcrübəsini öyrənməklə bərabər, onların göstəricilərini yaxşılaşdırmağa çalışmışıq. Azərbaycan həmişə öz qonaqpərvərliyi ilə seçilib. Ümidvaram ki, şahmatçılar, məşqçilər, azarkeşlər, jurnalistlər Bakıda özlərini çox rahat hiss edəcəklər. Bundan əlavə, onların hamısını maraqlı rəqabət gözləyir. Şəhərdə baxmalı-görməli yerlər çoxdur. İştirakçılar asudə vaxt yaranan kimi ekskursiyalarda iştirak edə bilərlər. Yaxşı ki, sentyabrda yandırıcı istilər olmayacaq, axşamlar isə ətrafa xoş sərinlik yayılacaq.

-Azərbaycan yığması turnirin ev sahibidir. Norveçin Troms şəhərində keçirilən ötən Olimpiadada sizin komandanız yeddi tur boyu təkbaşına lider olub, sonda ikinci və beşinci yerləri bölüşüb, özü də yeri gəlmişkən, turnirin əsas favoriti – Rusiya komandası ilə birlikdə.

-Bəli, onda yaxşı şansımız vardı. Amma Çin yığması daha cəsarətli çıxdı. Komandanı məhz Çin şahmatçılarına məğlub olmaq bir qədər zəiflətdi. Amma sonra uşaqlar özlərini topladılar. Yeri gəlmişkən, bu, Azərbaycanın indiyədək göstərdiyi ən yaxşı nəticə idi. Belə demək olarsa, biz Tromsda irəliləyiş əldə etdik. Əlbəttə, öz evimizdə daha yüksək pilləyə qalxmaq istəyirik. İndi qızıl medal barədə lovğa-lovğa danışmaq istəmirəm, amma biz medala çox ümid bəsləyirik. Hər halda evdə öz azarkeşlərimizin qarşısında çıxış etmək böyük məsuliyyətdir. Çox ümid bəsləyirəm ki, Məmmədyarov, Rəcəbov, Naydiç, Səfərli və Məmmədovdan ibarət komanda bu məsuliyyəti tam başa düşür. Onlar bütün qüvvələrini yüz faiz, bəlkə də min faiz ortaya qoymalıdırlar.

-Başlıca favoritiniz kimdir?

-Burada fal açmağa ehtiyac yoxdur. Rusiya yığması 2002-ci ildən sonra qızıl medal udmasa da, sizin komandanız hər dəfə ən yüksək mükafata əsas namizəd olur. Elə orta reytinq göstəriciləri üzrə də Rusiya birinci yerdədir. Bilirəm ki, sizin federasiyanın prezidenti Andrey Filatov kapitan olub, çox orijinal qərardır. Xüsusən Filatov dünyada bacarıqlı biznesmen kimi tanınır, ali təhsilli şahmat məşqçisidir. Baxaq görək, uğur qazana biləcəkmi. Ən azı maraqlı eksperimentdir. Əlbəttə, hazırki dünya çempionları - Çin şahmatçıları da güclüdürlər. Bir çoxları ABŞ-ı önə çəkirlər, axı dünya reytinqinin on ən yaxşı şahmatçısından üç qrossmeyster - Karuana, Nakamura, Co bu yığmanın heyətində çıxış edirlər. Fransa, Ukrayna, Hindistan və Macarıstan şahmatçıları da çox yaxşı formadadırlar. Yeri gəlmişkən, şahmatçılar elə yetişiblər ki, start turlarından sonra zəif komandalar, demək olar, qalmayıb.

-Olimpiadaların üçqat qalibi Ermənistan yığması Bakıya gəlməməyi qərara alıb...

-Onu deyə bilərəm ki, ürəkaçan hal deyil. Ötən il erməni qrossmeysterlər tam heyətdə Dünya Kuboku yarışlarına qatılmışdılar. Biz onlara əla şərait yaratdıq. Onların əvəzsiz lideri Levon Aronyan bütün KİV-lərdə vurğulayırdı ki, hər şey çox rahat və layiqli idi. İdman siyasətə qarışmamalıdır. Əgər erməni şahmatçılar fikirlərindən daşınsalar, buyurub gəlsinlər.

-Starta lap az vaxt qalıb. Həyəcan keçirirsinizmi?

-Əlbəttə, müəyyən əsəbilik hiss olunur. Axı möhtəşəm tədbirdir. Hamımız istəyirik ki, indiyədək keçirilmiş ən yaxşı Olimpiada olsun. Hərçənd hər şeyin çox yüksək səviyyədə olacağına heç bir şübhə yoxdur.

-Dünya birinciliyi matçının iki iştirakçısı – norveçli Maqnus Karlsen və rusiyalı Sergey Karyakin də Bakıya gəlirlər. Əgər onların komandaları qarşılaşsalar, onda noyabrda Nyu-Yorkda keçiriləcək maraqlı matç qabağı bu şahmatçıların son duelini görəcəyik.

-Bu da çox yaxşı haldır. Karyakinin Rusiya uğrunda hansı taxtada oynayacağını bilmirəm. Aydın məsələdir ki, Norveç uğrunda yarışan Karlsen birinci taxtada oynayacaq. Amma əgər onların oyunu baş tutsa, bu, dünya fanatlarına böyük hədiyyə olacaq. Yeri gəlmişkən, Sergey iddiaçıların turnirinə məhz Bakıda seçilib, iddiaçıların forumuna düşmək üçün sonuncu şansından istifadə edib. Buna görə də Azərbaycanın paytaxtını özü üçün uğurlu yer sayır. Baxaq görək, Bakı turniri onun Nyu-Yorkda uğur qazanmasına kömək edə biləcəkmi?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.