İQTİSADİYYAT
Mahmud Vaizi: İran-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində irəliyə doğru iri addım atıldı
Bunu İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi deyib.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfərinin nəticələrini yüksək qiymətləndirən M.Vaizi bildirib ki, neft və enerji, iqtisadiyyat və maliyyə, yol və şəhərsalma nazirliklərində keçirilən görüşlərdə yeni razılaşmalar əldə edilib. Bu razılaşmalar iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə zəmin yaradır.
Nazir qeyd edib ki, birgə ticarət palatasının yaradılması ilə iki ölkə arasındakı ticarət dövriyyəsi də artıb.
İranın Azərbaycanla sənaye sahəsində də əməkdaşlıq etməkdə maraqlı olduğunu nəzərə çatdıran M.Vaizi hər iki ölkənin özəl sektorunun əməkdaşlıq etmək əzmində olduğunu deyib.
Nazir, həmçinin bildirib ki, yaxın zamanda İranın gömrük idarəsinin rəhbəri Bakıya səfər edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran