ELM VƏ TƏHSİL
“Mahmud ağa məclisi” mövzusunda tədbir keçirilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsinin təşkilatçılığı ilə Kürdəmir rayonunda Mahmud ağa Məmmədzadənin 190 illik yubileyinə həsr olunan “Mahmud ağa məclisi” mövzusunda tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görkəmli şair, maarifçi Seyid Əzim Şirvaninin “Beytüs-səfa” ədəbi məclisinin dəstəkçisi və himayəçisi olmuş Mahmud ağa Məmmədzadənin yubiley məclisində respublikanın tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə muzeyin Aran Regional Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Mahmud ağa Məmmədzadənin XIX əsrdə Şirvan-Şamaxı ədəbi-mədəni mühitində gördüyü işlərdən, Şirvan ziyalılarının yetişməsindəki mühüm rolundan bəhs edib. Onun Azərbaycan, xüsusilə də Şirvan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, etnoqrafiyasının dünyanın bir çox ölkələrində təbliği istiqamətində gördüyü işlər barədə məlumat verilib.
Azərbaycan Yazıçılar Birliyi Şirvan bölməsinin sədri, professor Seyfəddin Qəniyev, Əməkdar Artist Eldost Bayram və başqaları çıxış edərək Mahmud ağa Məmmədzadə haqqında fikirlərini bölüşüblər. Onun Şirvan və ümumən Azərbaycan ədəbi-mədəni həyatında göstərdiyi xidmətlərdən, maarifçilik hərəkatına verdiyi dəstəkdən danışaraq fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra Azərbaycan televiziyasında Mahmud ağa haqqında çəkilmiş sənədli filmdən epizodlar nümayiş etdirilib.