QAN YADDAŞI
Mahnı Teatrında Xocalı qurbanları yad edilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Əməkdar İncəsənət Xadimi Əbdül Mahmudov vurğulayıb ki, Xocalı şəhərində xalqımıza qarşı törədilən soyqırımı öz qəddarlığı ilə bəşər tarixində görünməmiş vəhşilik aktıdır. Qətliam zamanı 613 nəfər xüsusi amansızlıqla və işgəncələrlə öldürülüb. Onların arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. Habelə 8 ailə tamamilə məhv edilib, 1275 nəfər girov götürülüb. Xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu soyqırımında girov götürülən insanlar dəhşətli işgəncə və təhqirlərə məruz qalıblar.
Xalq Artisti Amaliya Pənahova qeyd edib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymətin verilməsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Xocalı qətliamının təqsirkarlarının tezliklə cəzalandırılacağını söyləyən A.Pənahova Azərbaycan xalqının işğal altındakı torpaqlarının düşməndən azad olunacağına əminliyini ifadə edib.
Tədbirdə rejissor Gültəkin Nərimanın ekranlaşdırdığı “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub. Mərasim Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş kompozisiyalarla davam edib.