MƏDƏNİYYƏT


Mahnı Teatrında növbəti tədbir Molla Pənah Vaqifə həsr edilib

Bakı, 4 iyul, Ceyhun Alışlı, AZƏRTAC

İyulun 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində “Xəyalını xəyalıma saz eylə” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirin əhəmiyyətindən söz açan Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən respublikamızda Molla Pənah Vaqifin yubileyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, “Xəyalını xəyalıma saz eylə” kompozisiyası İmişli Rayon Mədəniyyət Mərkəzinin və Uşaq Musiqi Məktəbi kollektivinin hazırladığı teatrlaşdırılmış səhnə əsəridir.

Ssenari müəllifi Sənəm Məmmədli, quruluşçu rejissoru Sərvər Şirinov olan səhnə əsərində muğam, vokal, aşıq və teatr sənətinin improvizə edilmiş sintezi öz əksini tapıb.

Zəngin səhnə dekorasiyası, ifaçıların hadisələri inandırıcı ştrixlərlə təqdim etməsi kompozisiyanı daha da maraqlı edib, tamaşaçılara Vaqif yaradıcılığının möhtəşəmliyi real və parlaq cizgilərlə çatdırılıb. Dünənimizdən bu günümüzə boylanan və müasir dünyamızla səsləşən Vaqif poeziyası qonaqların zövqünü oxşayıb.

Kompozisiyada şairin “Durnalar”, “Şamama”, “Sevmişəm”, “Bəri bax”, “Ayrıldıq”,”Ağlarsan”, “Hayıf ki, yoxdur” və digər bədii yaradıcılıq nümunələrindən istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.