İQTİSADİYYAT
Makedoniya Respublikası nümayəndə heyətinin üzvləri Sumqayıt Texnologiyalar Parkında olublar
AZƏRTAC xəbər verir ki, 2009-cu ildə fəaliyyətə başlayan STP bu gün Azərbaycanın qeyri-neft sektorunda özünün layiqincə yerini tutan müəssisələrdən biridir. Hazırda parkın ümumi sahəsi 250 hektardır. Tərkibində 17 zavodu birləşdirən nəhəng Texnoparkın 4500-dən çox işçisi var.
Texnoparkın icraçı direktoru Sahib Musayev qonaqları salamlayaraq bildirib ki, Azərbaycanda qeyri-neft sahəsinin inkişafını strateji vəzifə elan edən Azərbaycan Prezidenti İlham Əliyev ölkədə texnoparkların yaradılması təşəbbüsü ilə çıxış edib. Texnoparklar kiçik və orta sahibkarlığın stimullaşdırılmasını nəzərdə tutan regional innovasiya zonasının formalaşdırılması layihəsi çərçivəsində inşa edilir. Parka daxil olan hər bir zavod aparıcı dünya istehsalçılarının ən müasir texnoloji avadanlığı ilə təchiz edilib. O bildirib ki, gələcəkdə STP ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı artaraq 10 min nəfərdən çox olacaq. STP-də buraxılan məhsulun dünya standartlarına uyğunluq sertifikatı vardır. STP-nin məhsulu iki beynəlxalq ISO standartına sahib olduqdan sonra dünya bazarlarına çıxarılıb.
Sonra qonaqlar avtobusla zavodun müəssisələrinə tanışlıq ekskursiyasına çıxıblar. Onlar kabel zavodunda, mis və alüminium çubuqların istehsalı sexində, plastik borular, isti sinkləmə, habelə yüksək voltlu elektrik avadanlığı, günəş kollektorları istehsal edən zavodlarda, elektron cihazlar, metal konstruksiyalar, dəqiq emal mərkəzində olublar.
Makedoniyalı qonaqlara müəssisənin bütün zavodlarının strukturu və fəaliyyəti barədə ətraflı informasiya verilib. Bildirilib ki, parkın bütün müəssisələri yüksək texnologiyalarla təchiz edilib. Burada Fransa, Almaniya, Yaponiya, İsveç və s. ölkələrin tanınmış istehsalçılarının avadanlığı yerləşdirilib. Texnologiya parkında göndərilən məhsulun keyfiyyətinə nəzarət edilir.
Makedoniya nümayəndə heyətinin üzvləri burada istifadə olunan texnologiyaların çoxunun təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yenilik olması barədə məlumatı böyük maraqla qarşılayıblar.