İDMAN
“Makkabi-Azərbaycan” Birinci Avropa Oyunlarına hazırlaşır
Yəhudi Xəbərlər Agentliyinin saytında “Makkabi-Azərbaycan” Birinci Avropa Oyunlarına hazırlaşır” sərlövhəli material dərc edilib. Materialda bildirilir ki, “Makkabi-Azərbaycan” yəhudi mədəniyyət və idman cəmiyyətinin prezidenti Semyon İxiilov, vitse-prezidentlər Boris Muşailov və Aleksandr Mordvinkin Bakıda bu cəmiyyətin ortamüddətli iş planlarını müzakirə ediblər.
“Makkabi-Azərbaycan”ın sıralarında birləşən 300-dən çox fəal üzv “Makkabi” yəhudi idman hərəkatının ənənələrinə riayət etməklə respublika və beynəlxalq səviyyəli müxtəlif yarışlarda, o cümlədən dünya və Avropa oyunlarında Azərbaycanın idman şərəfini qoruyurlar.
Semyon İxiilov Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində deyib: “2015-ci ildə Berlində növbəti ”Makkabi” Avropa Oyunları keçiriləcək. Biz Boris Muşailov və Aleksandr Mordvinkinlə Azərbaycan “makkaveylərinin” həmin oyunlara hazırlıq planlarını müzakirə etdik”.
“Makkabi-Azərbaycan”da 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında (Olimpiya Oyunlarının Avropa analoqu) könüllülərin iştirakı planları da müzakirə edilib. Bu Oyunlara 49 ölkədən 6 min idmançı gələcək. Könüllülərin işi bu səviyyəli, bu miqyaslı idman yarışlarının mühüm tərkib hissəsidir. Onların köməyi sayəsində əcnəbi idmançılar və qonaqlar Azərbaycanda özlərini evlərində olduğu kimi hiss edəcəklər. Biz əminik ki, respublika “makkaveyləri” Birinci Avropa Oyunlarında çətin, lakin mühüm könüllü işin bir hissəsini öz üzərinə götürəcəklər.
Biz Bakı şəhər Gənclər və İdman İdarəsi ilə, idarənin istedadlı rəhbəri Raqif Abbasovla sıx əlaqə saxlayırıq. Ümidvarıq ki, bu əməkdaşlıq Birinci Avropa Oyunlarının uğurla keçirilməsinin mühüm tərkib hissələrindən biri olacaqdır”.
Materialın tam mətni ilə aşağıdakı linkin köməyi ilə tanış ola bilərsiniz: http://www.aen.ru/?page=brief&article_id=71914