İDMAN


Maksim Rıjenkov: İdman növünün ikinci Avropa Oyunlarına daxil edilməsinin mühüm şərti var

Bakı, 8 dekabr, AZƏRTAC

İdman növünün 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına daxil edilməsinin mühüm şərti 2020-сi il Tokio Olimpiadasına seçim imkanıdır.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Maksim Rıjenkov məlumat verib.

Hazırda 2019-cu ildə Belarusda keçiriləcək Avropa Oyunlarında təmsil olunacaq idman növlərinin sayı ilə bağlı danışıqlar prosesinin getdiyini bildirən Maksim Rıjenkov deyib: “Bütün məsələlər müvafiq müqavilədə rəsmiləşdiriləcək. Avropa Oyunları Təşkilat Komitəsinin nümayəndələri, eləcə də Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenko öz fikirlərini bildirəcəklər. İndi böyük ehtimalla sərbəst, qadın və yunan-Roma güləşləri, cüdo, sambo, baydarka və kanoedə avarçəkmə, bədii və idman gimnastikası, akrobatika, batutla tullanma, boks, stolüstü tennis, velosiped (şose və trek) kimi idman növlərinin yarışların proqramına daxil edilməsindən danışmaq olar. Yüngül atletika ilə bağlı məsələ nəzərdən keçirilir. İstərdik ki, bu idman növü üzrə yarışlar mümkün qədər sanballı olsun. Buna görə də hələlik yarışların keçirilmə formatını müəyyənləşdiririk.

2019-cu ildə Minskdə oyun növlərindən “3x3” basketbolu və çimərlik voleybolu təmsil olunacaq. Bəlkə də proqrama qadınlar arasında otüstü xokkey yarışları daxil ediləcək. İdman növünün (sambo və akrobatika istisna olmaqla) 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına daxil edilməsinin mühüm şərti 2020-ci il Tokio Olimpiadasına seçim imkanıdır. Aydındır ki, bu halda aparıcı idmançıların starta marağı daha yüksək olacaq. Bu isə teleyayım hüquqlarının satışına və Avropa Oyunlarının geniş reklamına kömək edəcək”.

Qeyd edək ki, Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının bu ilin oktyabrında Minskdə keçirilən 45-ci iclasında 2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsi hüququ Belarusa verilib.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə (12-28 iyun) Azərbaycanın paytaxtında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.