DÜNYA
“Malakas” tufanı Yaponiyanın şərqinə çatıb
Tokio, 20 sentyabr, AZƏRTAC
Güclü “Malakas” tufanı Yaponiyanın cənubunda yerləşən Koçi prefekturasının sahillərini aşaraq şərq istiqamətində irəliləyir.
Meteorologiya Agentliyinin yayığı məlumata görə, tufan sentyabrın 20-nə keçən gecə ölkənin cənubundakı Oşumi yarımadasından keçərək Kaqoşima prefekturasına çatıb.
Sinoptiklər Kaqoşima və Miyazaki prefekturalarında saatda 100 millimetrdən artıq leysan yağışlar qeydə alıblar. Onların proqnozuna əsasən, sentyabrın 20-də Yaponiyanın şərqində və qərbində saatda 50 millimetrdən çox yağıntı gözlənilir.
Tufan nəticəsində həmin prefekturalarda 250 minə yaxın ev elektrik enerjisiz qalıb. Sürəti saniyədə 60 metrə çatan güclü küləklər elektrik enerjisi xətlərini sıradan çıxarıb.
Hava şəraitinin pisləşməsi nəticəsində 100-dən çox aviareys təxirə salınıb, bəzi dəmir yolları və avtomobil yollarında nəqliyyatın hərəkəti dayandırılıb.
Şikoku adasında 150 min sakinə suyun tuta biləcəyi rayonlardan təxliyə barədə tövsiyələr göndərilib. Bəzi sakinlərin xəsarət aldığı barədə məlumatlar daxil olmaqdadır.
“Malakas” tufanının sentyabrın 21-də Tokio rayonuna çatacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio